“Təhsil və mədəniyyət müəssələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2019-2020-ci tədris ili üçün hazırlanmış Tədbirlər Planı”na əsasən, Naxçıvan şəhər Təhsil Şöbəsinin və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığına əsasən ayda bir dəfə olmaqla ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi təşkil edilir. 24 fevral 2020-ci il tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 12, 13, 14 nömrəli tam orta məktəblərinin hər birindən 20 şagird olmaqla cəmi 60 şagirdin iştirak ilə Xocalı Soyqırımının 28-ci il dönümü ilə əlaqədar olaraq “Xocalıda son gecə” sənədli filminin nümayişi olmuşdur.
Fevral 25-də Xatirə Muzeyində Naxçıvan şəhər Qarnizonu tam orta məktəbinin, 1, 2, 16 və 17 nömrəli tam orta məktəblərin şagirdlərinin iştirakı ilə “Xocalı Soyqırımı-XX əsrin faciəsi” mövzusunda 13 nömrəli tam orta məktəbin tarix müəllimi İbrahimova Təhminə Cabbar qızı açıq dərs keçmişdir. Dərs zamanı şagirdlərə çatdırılmışdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır.
25 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında onlayn şahmat yarışı keçirilmişdir. Yarışda 8, 14, 16 və 17 nömrəli tam orta məktəblərindən ümumilikdə 24 şagird iştirak etmişdir. Yarışın keçirilməsində məqsəd şagirdlərə şahmat fənnini sevdirmək və qabaqcıl şahmatçıları müəyyənlişdirməkdir. Dairəvi sistem əsasında keçirilən yarışda 3 turdan sonra Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin komandası I yerin, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin komandası II yerin, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin komandası III yerin qalibi olmuşdur.
Fevralın 24-də Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbində Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı faciəsi-qan yaddaşımızdır” adlı inşa yazı müsabiqəsi keçirilib.
Fevralın 24-də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə “26 Fevral - Xocalı Soyqırımı”nın 28-ci ildönümü ilə əlaqədar sertifikasiyadan keçmiş, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər arasında şahmat üzrə şəxsi birincilik keçirilib.