2020-2021-ci tədris ilində muxtar respublika muzeyləri, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Şahmat Mərkəzi ilə ümumtəhsil məktəbləri arasında ümumilikdə 21 interaktiv dərs keçirilib. Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri ilə bağlı keçirilən interaktiv dərslər şagirdlərin tariximizlə bağlı biliklərinin, dünyagörüşlərinin artmasında mühüm rol oynayır. İyunun 11-də cari tədris ilinin sonuncu interaktiv dərsi keçirilmişdir. Bu dərs 15 iyun Milli Qurtuluş Gününə həsr olunduğundan Heydər Əliyev Muzeyi ilə “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin qrafikinə uyğun olaraq Heydər Əliyev Muzeyində 10 iyun 2021-ci il tarixdə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin 15 şagirdinin iştirakı ilə növbəti açıq dərs keçirilib.
Üzgüçülük Mərkəzində “15 iyun-Milli Qurtuluş Günü” münasibətilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında stolüstü tennis üzrə şəxsi birincilik keçirilib. Tədbirdə çıxış edənlər idmançıları Milli Qurtuluş günü münasibətilə təbrik edib və onlara uğurlar arzulayıblar. Daha sonra birinciliyin keçirilmə məqsədi və qaydaları haqqında idmançılara geniş məlumat verilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Üzgüçülük Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 14 tam orta məktəbdən 14 şagird iştirak edib. “Olimpiya” sistemi üzrə keçirilən birinciliyin yekununa əsasən, 8 nömrəli tam orta məktəbin şagirdi Emil Əliyev I yerə, 10 nömrəli tam orta məktəbin şagirdi Rəfael Yusifov II yerə, 14 nömrəli tam orta məktəbin şagirdi Fuad Bağırlı isə III yerə layiq görülüb.
9 iyun 2021-ci il tarixdə 4 nömrəli tam orta məktəbdə Naxçıvan şəhər məktəbliləri arasında “Vətəni tanı” İntellektual Oyunu keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən oyunda 17 tam orta məktəbdən 17 şagird iştirak edib. İntellektual Oyunda müxtəlif rənglərdə göstərilmiş şəhər və rayonları xəritə üzərində öz yerinə yerləşdirmək lazım olub. Xəritə keçməcəli (pazl) şəklində olmuş və Azərbaycanın hər bir inzibati ərazi vahidi orada ayrılıqda göstərilmişdir. Şagirdlər xəritədə kiçik hissəcikləri yerləşdirməklə vahid Azərbaycan xəritəsini tamamlayıb.