Kəngərli Rayon Təhsil Şöbəsinin məktəblilərin yay tətilini səmərəli keçirmələri ilə bağlı “Tədbirlər Planı”na əsasən 12 iyul 2021-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Şahtaxtı kənd tam orta məktəbində ümumtəhsil məktəblərinin şagirdləri arasında “Naxçıvan abidələri” mövzusunda rəsm müsabiqəsi keçirilib.
2020/2021-ci tədris ilindən muxtar respublikamızda STEAM təhsil metodunun tətbiqinə başlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 7 iyun 2021-ci iltarixli Sərəncamı bu sahədə görülən işləri sürətləndirmişdir. Bu işlərin davamı olaraq şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində növbəti “STEAM yay məktəbi” təşkil olunub.
Heydər Əliyev adına tam orta məktəbin VII sinif şagirdi Sadiq Kərimov 29 iyun - 3 iyul tarixlərində Ukraynanın Nikoleyevski bölgəsində yeniyetmələr, gənclər və böyüklər arasında Universal Döyüş üzrə Dünya kuboku uğrunda keçirilən yarışın qalibi olmuşdur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində yeniyetmə idmançımız Sadiq Kərimovla və Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayevlə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Həmkarlar İttifaqı Şurasının birgə təşkilatçılığı ilə keçirilən “STEAM Yay məktəbi” uğurla başa çatıb. 