Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbov “Naxçıxan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 7 iyun tarixli Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində yeni texnologiyaların, distant və elektron təhsilin tətbiqi yüksək ixtisaslı kadr hazırlığına geniş imkanlar açır. Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrasiya olunduğu STEAM təhsil metodu da əldə olunan biliklərin praktikada tətbiqi və intellektual potensialın əmək bazarının tələblərinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli və Şərur rayon şahmatçıları arasında “26-İyun Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tempo turniri keçirilib. Rayonun Uşaq-gənclər şahmat məktəbində keçirilən tempo turniri başlamazdan əvvəl Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə çıxış edərək yarış iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib və ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayaraq Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının ümummilli liderin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir. Vurğulayıb ki, 2020-cı ilin sentyabrın 27-si başlayan II Qarabağ müharibəsində Azərbaycan Ordusunun rəşadət göstərərək düşməni məğlub etməsi və işğal altındakı Qarabağın azad olunması buna ən böyük nümunədir.
İyunun 25-də - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksi istifadəyə verilib, Əlahiddə Ümumqoşun Ordunun İkinci Qarabağ müharibəsində iştirak edən hərbi qulluqçularına Azərbaycan Respublikası təltiflərinin təqdimatı olub, qüsursuz xidmət edən hərbçilərə mənzillər verilib.
11 iyun 2021-ci il tarixdən Naxçıvan Dövlət Texniki Kollecində təşkil olunan “Açıq qapı” günlərinə Naxçıvan şəhər, Şərur və Babək məktəblilərindən sonra bu dəfə isə Ordubad, Culfa və Kəngərli rayon məktəblərinin IX sinfini bitirmiş məzunlar cəlb olunmuşlar.