Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.
“Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsil strategiyası ölkəmizdə bu sahənin davamlı inkişafının əsasını qoymuş, müstəqillik illərində isə təhsillə bağlı daha geniş islahatlar həyata keçirilmiş, Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoymuşdur. Ölkə başçısı tərəfindən təhsil sistemində yenidənqurmanın həyata keçirilməsi, həm təhsil alanlar, həm də təhsil verənlər üçün əlverişli şəraitin yaradılması, təhsilin inkişafı istiqamətində dövlət proqramları və sərəncamların imzalanması təhsilimizin daha da inkişaf etdirilməsinə xidmət edir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Muxtar respublikada bütün kateqoriyadan olan uşaqlara, o cümlədən sosial qayğıya ehtiyacı olan uşaqlara daim diqqət və qayğı göstərilir, onların sosial reabilitasiyası, təlim-tərbiyələri, asudə vaxtlarının təşkili, cəmiyyətə inteqrasiyası, təhsil hüquqlarının həyata keçirilməsi və intellektual səviyyələrinin yüksəldilməsi hər zaman diqqət mərkəzində saxlanılır. Xüsusi kateqoriyadan olan uşaqlara həssaslıqla yanaşılan muxtar respublikada onların intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq 10 sentyabr 2021-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15 sentyabr - Bilik Günü mühasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.
Sentyabrın 9-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə sentyabrın 8-də Heydər Əliyev adına tam orta məktəbdə Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri və Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin pedaqoji kollektivinin işinə dair bölmə iclası keçirilib. Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən konfransda verilmiş müvafiq tapşırığa əsasən məktəb işinin düzgün təşkili ilə əlaqədar məlumatlar Təhsil Şöbəsinin əməkdaşları tərəfindən tədbir iştirakçılarına çatdırılıb.
Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir. Konfransda muxtar respublikanın təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak ediblər.