“Naxçıvanın səsi” radiosunun yayıma başlamasından 20 il ötür. Sentyabrın 20-də “Naxçıvanın səsi” radiosunun 20 illiyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri Redaksiyasına alınan yeni avadanlıqların təqdimatı ilə bağlı tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsil göstərilən dövlət qayğısından, təhsildə tətbiq edilən innovasiyalardan danışmışdır. Bildirilmişdir ki, muxtar respublika ümumtəhsil məktəblərində yaradılmış şərait multimedia xarakterli dərsliklərin, elektron tədris vasitələrinin, yeni təlim metodlarının, o cümlədən STEAM təliminin təhsil prosesində tətbiq olunmasına geniş imkanlar açmışdır. Bütün bunlar isə muxtar respublika təhsil mühitində innovativ yanaşmaların tətbiqini təmin etməklə yanaşı, eyni zamanda təhsilin inkişafına da öz müsbət təsirini göstərməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi isə muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının növbəti bariz nümunəsi olmaqla, təhsilin informasiyalaşdırılmasında yeni bir mərhələ təşkil etmişdir.