
Ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikamızda təhsilə göstərilən diqqət onun dinamik inkişafını təmin etməklə yanaşı, həm də gənclərimizin gələcək uğurlarının ən gözəl təminatçısıdır. Yurdumuzun bütün yaşayış məntəqələrində gənclərin inkişafı üçün təhsil sisteminin dövrün tələblərinə uyğun qurulması, formalaşması yüksək təhsil strategiyasının uğurlu inkişafından xəbər verir. Belə ki, lazımi avadanlıqlarla təchiz edilmiş yaraşıqlı məktəb binalarında ən müasir tədris resurslarının, informasiya və kommunikasiya texnologiyalarının istifadəyə verilməsi, o cümlədən ayrı-ayrı sahələr və fənlər üzrə yeni standartların tətbiq olunması ilbəil artan uğurlarla, ölkəmizə müsbət nəticələr qazandırmaqda davam edir. Bu mənada, sözügedən inkişaf və tərəqqidən lazımi səviyyədə bəhrələnən gənclərimiz istər ailəsinə, istər Vətəninə, istərsə də təhsil aldığı məktəbə böyük sevinc, xoşbəxtlik bəxş edir. Eynilə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin məzunları kimi. Diqqətə çatdıraq ki, artıq iki ildir, ali məktəblərə keçirilən qəbul imtahanlarında şəhərimizdəki 17 ümumtəhsil məktəbi sırasında öz şagirdlərinin uğurlu nəticələri ilə 11 nömrəli məktəb muxtar respublika birinciliyi qazanıb. Elə biz də həmin təhsil ocağının peşəkar müəllim kollektivi ilə yaxından tanış olmaq, yüksək nəticə əldə etməklə ailələrinə sevinc bəxş edib tələbə adını qazanan gənclərimizdən uğurlarının sirrini öyrənmək üçün sözügedən ünvanın yolunu tutduq.