Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirililən sərgidə Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində təhsil alan 120 nəfərdən artıq təsviri incəsənət sahəsində istedadlı şagirdin rəsm əsərləri və əl işləri sərgilənmişdir. Sərginin açılış tədbirində institutun rektoru Azad Novruzov çıxış edərək bildirmişdir ki, Naxçıvan Müəllimlər İnstitutunda digər ixtisaslarla yanaşı Təsviri incəsənət müəllimliyi ixtisası üzrə də kadr hazırlığı aparılır. Kadrların hazırlanmasında bir ixtisaslaşmış “İncəsənət” kafedrası fəaliyyət göstərir ki, bu kafedrada təsviri incəsənətin müxtəlif sahələri üzrə ixtisaslaşmış professor-müəllim heyəti tədris işini həyata keçirir. Dövlətimizin qayğısı və diqqəti sayəsində institutda ixtisas hazırlığını günün tələbləri səviyyəsində qurmaq üçün təkmilləşdirilmiş maddi texniki baza və bu baza əsasında tədris şəraiti mövcuddur. Bu gün ümumtəhsil məktəbləri şagirdlərinin rəsm əsərləri və əl işlərindən ibarət sərginin təşkil olunması istedadlı şagirdlərin üzə çıxarılması istiqamətində görülmüş işlərdən biridir. İnanıram ki, bu tip tədbirlərin reallaşdırılması sərgidə iştirak etməyən şagirdlər üçün də stimul olacaqdır. Rektor rəsm çəkməyin şagirdlər üçün əhəmiyyətinə toxunaraq qeyd etdi ki, insan rəsm çəkərkən onun intuitiv və yaradıcılıq təfəkkürü inkişaf edir. Gələcəkdə hansı peşənin sahibi olmasından asılı olmayaraq istedadlı insanlar öz yaradıcılıq potensialından hər zaman istifadə etməlidir.