Noyabrın 16-da Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə valideynlərini itirmiş, aztəminatlı, sağlamlıq imkanları məhdud və şəhid uşaqlarına qış geyimləri verilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, muxtar respublikada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqlar xüsusi qayğı ilə əhatə olunur, onların zəruri ehtiyacları üçün lazımi köməklik göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi sistemli xarakter alıb, onların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası təmin olunub. Həmçinin onların asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq mühitində böyümələri üçün məktəbdənkənar təhsil müəssisələrinə cəlbi diqqətdə saxlanılır, onlar müxtəlif innovativ dərnəklərdə öz bacarıqlarını inkişaf etdirirlər.