Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə digər sahələr kimi muzey işi də diqqətdə saxlanılıb. Bu gün ulu öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsimizin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni muzeylər inşa edilir, fondlar zənginləşdirilir. Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi də bu tədbirlərin davamıdır.
Avqustun 27-də Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan şəhərində fəaliyyət göstərən, hər zaman öz uğurları ilə seçilən məktəblərdən biri də 8 nömrəli tam orta məktəbdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan sənədləri vərəqlədikdə bu məktəbin 60 il bundan əvvəl fəaliyyətə başlamış Naxçıvan şəhər internat məktəbinin bazası əsasında (1998-ci ildə) yarandığı aydın olur. Tariximizin aynası olan arxiv sənədlərinə nəzər saldıqda məlum olur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il 9 aprel tarixli qərarı ilə yeni internat məktəblərinin açılması planlaşdırılıb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin 21 iyul 1959-cu il tarixli qərarında həmin tarixədək Azərbaycanda 1140 nəfəri əhatə edən 7 internat məktəbinin fəaliyyət göstərdiyi qeyd olunurdu ki, bu da respublika əhalisinin tələbatını ödəmirdi. Məhz buna görə 1959-1965-ci illərdə 38 min şagird kontingentindən ibarət internat məktəblərinin açılması nəzərdə tutulurdu. Qərarda 1959-cu ilin sentyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Əbrəqunus rayonunda I-IV siniflər üçün 120 nəfərlik 17 nömrəli internat məktəbinin açılması da nəzərdə tutulurdu.