Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxışında “Heydər Əliyev ili” ndə yeni tədris ilinin Ümummilli Lider Heydər Əliyevin adını daşıyan məktəbin önündə qarşılamağın xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Ötən tədris ilinin muxtar respublika təhsili üçün uğurlu olduğunu qeyd edən İcra Hakimiyyətinin başçısı müəllim və şagirdlərə müvəffəqiyyətlər arzulayıb.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icra edən Ovni Muradov bildirib ki, bu gün muxtar respublikada Ulu Öndərin müəllifi olduğu təhsil strategiyası prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”da digər sahələr kimin təhsilin bütün pillələrinin inkişafı üçün də prioritet istiqamətlər müəyyənləşdirilib. Dövlət Proqramının icrası muxtar respublikada təhsilin inkişafına öz töhfəsini verəcək.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti bu gün ölkəmizdə uğurla həyata keçirilir. Muxtar respublikada da bütün kateqoriyadan olan uşaqlara, o cümlədən sosial qayğıya ehtiyacı olan uşaqlara daim diqqət və qayğı göstərilir, onların sosial reabilitasiyası, təlim-tərbiyələri, asudə vaxtlarının təşkili, cəmiyyətə inteqrasiyası, təhsil hüquqlarının həyata keçirilməsi və intellektual səviyyələrinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı olaraq 14 sentyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15 sentyabr- Bilik Günü mühasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.
Müəllimlərin İşə Qəbulu üzrə keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə sentyabrın 14-də görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üçün hazırlıqla bağlı həyata keçirilən tədbirlərdən biri də şagirdlərin dərsliklərlə vaxtında təminatıdır. Bunun üçün nazirlik tərəfindən ümumtəhsil məktəblərindəki dərsliklərin təhlili aparılmış, yeni dərsliklərə tələbat müəyyənləşdirilmiş, cari ilin aprel ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə 193 min 447 dərsliyin sifarişi verilmişdi. Avqust ayını əvvəllərindən başlayaraq sifariş verilən dərsliklərin və müəllimlər üçün metodiki vəsaitlərin muxtar respublikaya gətirilərək məktəblərə təhvil verilməsi təmin olunmuşdur.
