Bu gün təhsildə “İnteraktiv dərs”, “Nümunəvi dərs”, “Elektron universitet”, “Distant təhsil”, “Dərsdən sonra” və “Sabahın müəllimi” layihələri tətbiq olunur. İxtisaslı müəllim hazırlığını yaxşılaşdırmağa xidmət edən layihələrdən olan “Sabahın müəllimi” layihəsi çərçivəsində keçirilən tədbirlərdən biri də pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat verilməsi, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələrinin təşkilidir.
Bu gün “Sabahın müəllimi” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin pedaqoji profilli ixtisaslarında təhsil alan IV və V kurs tələbələri üçün keçiriləcək pedaqoji təcrübənin başlanğıc konfransı olub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə universitetin rektoru, Saleh Məhərrəmov açaraq son illər ölkəmizdə təhsil sahəsində tətbiq olunan yeniliklərdən pedaqoji təcrübənin kadr hazırlığının ən vacib sahələrindən biri olmaqla yanaşı, ali təhsil müəssisələrinin tədris planında xüsusi önəm daşıyan proses olmasından danışıb, təşkil edilən pedaqoji təcrübələrin əhəmiyyətindən bəhs edib.