Noyabrın 5-də - Zəfər Günü ərəfəsində 8 şəhid ailəsinə və 1 qaziyə mənzil, sağlamlıqları məhdudlaşan 13 şəxsə isə avtomobil təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 8 noyabrın Azərbaycanda Zəfər Günü olduğunu qeyd edib, əlamətdar gün ərəfəsində şəhidlərin əziz xatirəsinə ehtiramını bildirib.
Ali Məclisin Sədri deyib: 2020-ci ilin 27 sentyabr - 8 noyabr tarixlərində Azərbaycan işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə Vətən müharibəsinə başlayıb və tarixi Qələbə qazanıb. Şanlı qələbəmiz ulu öndər Heydər Əliyevin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində mümkün olub. Belə bir fikir vardır ki, döyüş meydanında qələbənin qazanılması üçün hərbi və iqtisadi güclə bərabər, Vətən sevgisi və milli birlik də vacibdir. Vətən müharibəsi Azərbaycanda lider-xalq-dövlət birliyinin daha bir ifadəsi oldu.