Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Təhsil naziri Rəhman Məmmədov Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəllimlərə fəxri adların verilməsi ilə bağlı imzaladığı sərəncamlarla tədbir iştirakçılarını tanış etmişdir. Bildirilmişdir ki, təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə muxtar respublika müəllimlərindən 4-ü Azərbaycan Respublikasının Əməkdar müəllimi, 4-ü Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüş, 4 müəllim isə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Nazir müəllimlərin əməyinə verilən qiymətə görə minnətdarlığını bildirmiş, təltif olunan müəllimləri təbrik etmişdir.
Tədbirdə təhsil naziri Rəhman Məmmədov təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki, muxtar respublika təhsili tarixin heç bir dövründə bu dərəcədə dövlət qayğısı ilə əhatə olunmamış və inkişaf etməmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilmiş, 200-dən çox təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuş, ümumtəhsil məktəbləri kompüter və elektron lövhələrlə təmin edilmiş, laboratoriyalar və fənn kabinələri şagird və müəllimlərin istifadəsinə verilmişdir. Bütün bunlar isə muxtar respublika müəllimlərinin səmərəli fəaliyyətinə geniş imkanlar açmışdır.