Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Mayın 5-də Naxçıvan şəhər 11 və 15 nömrəli tam orta məktəblərdə peşə ixtisasları, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların maraq və bacarıqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilməsi ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyi Aparatının əməkdaşı, Naxçıvan Şəhər Peşə Liseyinin direktoru və IX-XI sinif şagirdləri iştirak ediblər.
Ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında keçirilən Məktəblilərarası fənn müsabiqələrinin I mərhələsinin nəticələri elan olunub. Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq keçirilən müsabiqədə 147 muxtar respublika məktəblisi final mərhələdə iştirak etmək hüququ qazanıb. Müsabiqənin final mərhələsinin may ayının sonunda keçirilməsi nəzərdə tutulmuşdur.
Mayın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin ölkə üzrə yeni direktoru xanım Kandis Makdeyqan ilə görüşüb.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin tərtibatçı rəssamı Səkinə Qarayevanın Azərbaycanın görkəmli mütəfəkkiri, dahi şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Xəmsə möcüzəsi” adlı dekorativ əl işlərindən ibarət fərdi sərgisi təşkil olunub. Sərgini Mərkəzin direktoru Rəşad Xudiyev giriş sözü ilə açaraq Azərbaycan mədəni irsinə, ədəbiyyatına, dünya şöhrətli dahi şairinə verilən dəyərdən, göstərilən diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı verdiyi Sərəncamın bu dəyərin, qayğının parlaq nümunəsi olduğunu diqqətə çatdırıb.
