Hər il Naxçıvan şəhərindən başlayaraq ən ucqar dağ kəndlərimizdə yeni məktəb binalarının tikintisi və ya yenidən qurulması, tədris müəssisələrinin maddi-texniki bazalarının müasir təhsil avadanlıqları ilə təchizatı günün reallığıdır. Bunu bütün naxçıvanlılar, diyarımıza gələn qonaqlar da görür, blokada şəraitində yaşayan bir məmləkətdə 30 ilə yaxın bir zaman kəsiyində böyük həcmdə belə tədbirlərin həyata keçirilməsindən təəccüblərini gizlədə bilmirlər.
Bu qayğıdan bol-bol bəhrələnən təhsil müəssisələri doğulub boya-başa çatdığım Şərur rayonunda da çoxdur. İllərdir ki, Naxçıvan şəhərində yaşayıb fəaliyyət göstərsəm də, tez-tez rayona gedir, burada həyata keçirilən yenilənmə tədbirlərini böyük qürur hissi ilə izləyirəm. Yenilənmə həyatın bütün sahələrini əhatə edir, öndə isə təhsil dayanır. Rayon mərkəzindəki 2 nömrəli tam orta məktəb də hərtərəfli dövlət qayğısından bəhrələnən təhsil müəssisələrindən biridir. Qeyd edim ki, bu tədris ocağı muxtar respublikanın müasir məktəbləri sırasına 2017-ci il mart ayının 7-də qoşulub.