Fevralın 6-da Culfa şəhər 3 nömrəli tam orta məktəbdə Culfa Rayon Polis Şöbəsi, Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yetkinlik yaşına çatmayanların marifləndirilməsi məqsədi ilə tədbir keçirilib. Tədbirdə Culfa Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Sadiq Əliyev, Culfa Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektoru, polis baş leytenantı Səyyad Əliyev çıxış edərək diqqətə çatdırıblar ki, bu gün muxtar respublikada yeniyetmə və gənclərin milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sosial şəbəkələrdən təhlükəsiz istifadəsinə, Naxçıvan turizm potensialı məqsədilə təbliğ olunması, tütün məhsullarının istifadəsinin zərərli təsirləri eləcə də sağlam həyat tərzinin təbliği diqqət mərkəzindədir.
Muxtar respublikada milli dəyərlərimizə, adət-ənənələrimizə sahib çıxan, geniş dünyagörüşlü, təhsilli və intelektli gənc nəsilin yetişdirilməsi də qarşıda duran əsas vəzifələrdəndir. Muxtar respublikamızda həmçinin, gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir, müxtəlif mövzularda tədbirlər keçirilir.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.