• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün396
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə9659
mod_vvisit_counterBu ay41991
mod_vvisit_counterÜmumi2509256

Tarix: 26 Apr., 2024

Hər bir ölkənin inkişafını təmin edən başlıca şərtlərdən biri təhsildir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.
Ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyası Azərbaycanda ixtisaslı milli kadrların hazırlanmasının əsasını qoymuş, iqtisadi potensial inkişaf etdirilmiş, sosial­-mədəni, elm-təhsil və milli-mənəvi dəyərlər dirçəldilmiş, bu yolla gələcək müstəqillik üçün etibarlı zəmin yaradılmışdır. Dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirmiş, bu sahədə kompleks islahatlar həyata keçirilmişdir. “Müstəqil Azərbaycan Respublikasında təhsil, tərbiyə işi dövlətin əsas vəzifəsidir, dövlət başçısının, Prezidentin xüsusi qayğısı altındadır və onun əsas vəzifələrindən biridir”, – deyən ulu öndərin təhsil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı tərəfindən təhsil sistemində yenidənqurmanın həyata keçirilməsi, əlverişli şəraitin yaradılması, təhsilin inkişafı istiqamətində Dövlət pro­qramları və sərəncamların imzalanması təhsilimizin daha da inkişaf etdirilməsinə xidmət göstərir.
Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində son illər muxtar respublikada müasir təhsil infrastrukturu yaradılmışdır. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Hər il muxtar respublikada müasir tələblərə cavab verən təhsil müəssisələri tikilir. Təkcə 2021-2022-ci tədris ili ərzində Şərur rayonunun Dərvişlər, Çərçiboğan, Babək rayonunun Göynük, Ordubad rayonunun Əndəmic, Dırnıs kənd tam orta məktəblərinin və Babək rayonunun Araz kənd ümumi orta məktəbinin yeni binası istifadəyə verilmiş, məktəblərin maddi-tədris bazası gücləndirilmişdir. Hazırda Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzi, Naxçıvan şəhər 8 nömrəli körpələr evi-uşaq bağçası, Distant Tədris Mərkəzi, Şərur rayonunda Alışar, Həmzəli, Vərməziyar, Babək rayonunda Sirab, Vayxır və Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbi, Ordubad rayonunda Pəzməri, Xanağa, Unus, Kələki və Azadkənd tam orta məktəbləri, o cümlədən Babək və Şahbuz rayonlarında yerləşən məktəbdənkənar tərbiyə müəssisələrinin tikintisi və ya yenidən qurulması istiqamətində işlər davam etdirilməkdədir.
Muxtar respublikada təhsil müəssisələrinin müasir tədris vəsaitləri və informasiya texnologiyaları ilə təminatına xüsusi diqqət yetirilir. Artıq məktəblər ən müasir informasiya-kommunikasiya texnologiyaları və zəngin kitabxana fondu ilə təchiz olunmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərinə 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat və 3 milyona yaxın dərslik verilmişdir. Yeni tədris ili üçün 243 mindən çox dərslik bölgü əsasında ümumtəhsil məktəblərinə çatdırılmışdır.
Müasir maddi-texniki bazanın formalaşdırılması təhsildə mütərəqqi üsulların tətbiqinə geniş imkanlar açmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası bütün təhsil müəssisələrində təhsilin keyfiyyətinin yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmiş, yeni təlim üsullarının tətbiqinə əlverişli şərait yaratmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil edilir, gənclər elmi biliklərlə yanaşı, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər.
2021-2022-ci tədris ili də təhsildə innovasiyaların tətbiqi ilə yadda qalmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən bu günədək 107 təhsil müəssisəsində STEAM kabinəsi yaradılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans və “STEAM təhsil festivalı” keçirilmişdir. Bu sahədə görülən işlərin davamı olaraq hazırda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio pro­qramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. 2021-ci ilin yanvarın 1-dən Təhsil televiziyası və radiosunun fəaliyyətə başlaması muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının növbəti bariz nümunəsi olmaqla təhsilin informasiyalaşdırılmasında yeni bir mərhələ təşkil edir. Ali Məclis Sədrinin 2021-ci il 22 dekabr tarixli Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin tabeliyində Distant Təhsil Mərkəzi yaradılmışdır. Həmçinin gənc müəllimlərin fəallığını, peşəkar və fərdi inkişaflarını artırmaq məqsədilə “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyi təsis edilmişdir. Ümumtəhsil məktəblərində şagirdlərin yalnız tədris prosesindəki fəaliyyəti deyil, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkili, istedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsi də diqqətdə saxlanılmışdır. Tədris ili ərzində məktəblilər arasında dram, təsviri və dekorativ-tətbiqi sənət, milli musiqi və rəqs, gənc istedadlar müsabiqələri keçirilmiş, “Sabahın müəllimi”, “Sabahın tədqiqatçıları” layihələri, “Tariximizi qoruyaq və yaşadaq” aksiyası uğurla davam etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Müəllim peşəsini seçən gənclərimizin sayı hər il artmaqdadır. Qəbul imtahanlarında yüksək bal toplamış bir çox gənclərimiz müəllim olmaq istəyirlər. Çünki müəllimlərin iş şəraiti yaxşılaşıbdır, müəllimlər gözəl məktəblərdə, ali məktəblərdə dərs deyirlər, müəllimlərin əməkhaqları artırılıb və diaqnostik qiymətləndirmədən keçən müəllimlərimiz yüksək maaş alırlar...” Son illərdə muxtar respublikada pedaqoji kadr hazırlığındakı təkmilləşmələr, yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, ümumtəhsil məktəblərinin bilikli pedaqoji kadrlarla təmin olunması diqqətdə saxlanılmışdır. 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərində işə qəbulla bağlı keçirilən müsabiqələrdə uğurlu nəticə qazanan gənc kadrlardan 195-i müəllim, 52-si isə məktəblərdə müxtəlif vəzifələrə təyin olunmuşdur. Yeni tədris ili üçün isə ümumtəhsil məktəblərində 236 vakant yer üçün müəllimlərin işə qəbulu həyata keçirilmiş, onlardan ən yüksək nəticə göstərən 163 gənc kadr 2022-2023-cü tədris ilindən pedaqoji fəaliyyətə başlamışdır. Hazırda ümumtəhsil məktəblərində mövcud olan 100 vakant vəzifə üçün sənəd qəbulu aparılır. Bunlarla yanaşı, müəllimlərin sertifikasiyası aparılmış, 1200-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb edilmişdir. 2022-ci ildə ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinə də işə qəbul üçün müsabiqə elan edilmiş, 26 gənc kadr müvafiq vəzifələrə təyin olunmuşdur.
Muxtar respublikada müəllim əməyi daim yüksək qiymətləndirilmiş, 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişdir. Yaradılan şərait və müəllim hazırlığı istiqamətində görülən tədbirlər onların fəallığını artırmış, cari tədris ilində ölkə üzrə keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində muxtar respublika müəllimlərindən 8-i qalib olmuşdur.
Şagirdlərin dünyagörüşlü və vətənpərvər formalaşmaları, intellektual və fiziki inkişafı, yaradıcılıq mühitində böyümələri üçün yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada istedadlı və sağlam nəsil yetişir, istedadlı uşaqların adları Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılır, onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülürlər. Bu il də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə STEAM təhsili və idman sahəsində fərqlənən 2 şagirdin adı Gənc İstedadların “Qızıl kitabı”na yazılmış, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür.
Yeni təhsil metodlarının tətbiqi şagirdlərin müxtəlif səviyyəli bilik yarışlarında iştirak edərək uğurlu nəticə qazanmasına öz müsbət təsirini göstərmişdir. Ötən tədris ilində olimpiada və müsabiqə hərəkatı gücləndirilmiş, muxtar respublika və respublika fənn olimpiadaları ilə yanaşı, SASMO, Amerikan və Kenquru Beynəlxalq Riyaziyyat müsabiqə və olimpiadaları, Məntiq olimpiadası və Respublika Fənn müsabiqələri keçirilmişdir. Keçirilən olimpiada və müsabiqələrdə, ümumilikdə, muxtar respublika üzrə 5258 şagird iştirak etmiş, onlardan 329-u qalib olmuşdur. Bu gün muxtar respublikanın təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti, mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət sayəsində tədrisin səviyyəsi yüksəlmiş, 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 19-u “Qızıl”, 22-si “Gümüş” nişana, 64-ü fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 55-i fərqlənmə attestatına layiq görülmüşdür.
2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2990 məzun bitirmiş, onlardan 2848-i, yaxud 95 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş, onlardan 2101-i, yaxud 74 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Məzunların buraxılış və qəbul imtahanlarındakı nəticələri ötən illə müqayisədə xeyli artmışdır. Yüksək nəticə göstərən məzunlarda keyfiyyət göstəriciləri yaxşılaşmış, 600-700 arası bal toplayan məzunların sayı ötən ilə nisbətdə 36 faiz artmışdır. 254 nəfər isə 500-700 arasında bal toplamışdır. Yüksək nəticə göstərən 100 məktəbdən 71-i ucqar kənd məktəbləri olmuşdur. Məktəblərdə şagirdlərin elmi biliklərlə yanaşı, sağlam və yüksək vətənpərvərlik ruhunda böyüdülməsinə də xüsusi qayğı ilə yanaşılır, hərbi hazırlıq və idman dərslərinə mühüm əhəmiyyət verilir. Bunun nəticəsidir ki, son illər gənclər arasında hərbi təhsilə də maraq xeyli artmışdır. 2022-ci ildə muxtar respublikanın ümumtəhsil məktəblərindən Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün 390 şagird sənəd vermişdir. Həmin şagirdlərdən 111-i hərbi liseyə qəbul olaraq kursant adını qazanmışdır.
2022-ci ildə Kimya-Biologiya Təmayüllü Liseyə, Naxçıvan Qızlar Liseyinə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə 2022-2023-cü tədris ili üçün qəbul imtahanları keçirilmiş, imtahanların nəticələrinə uyğun olaraq Naxçıvan Qızlar Liseyinə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə ən yüksək nəticə göstərən 60 şagird, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyə isə 120 şagird olmaqla, ümumilikdə, liseylərə 240 şagird qəbul edilmişdir.
Əldə olunmuş bu uğurlar muxtar respublikada təhsilə, təhsil işçilərinə göstərilən yüksək dövlət qayğısı nəticəsində mümkün olmuşdur. Bu isə intellektual gələcəyə doğru atılan addım kimi hər il Bilik Gününün əhvali-ruhiyyə ilə qeyd olunmasına əsas verir. Hər ötən təhsil ilini uğurlarla başa vuran məktəblərimiz daha böyük nailiyyətlər qazanmağa səy göstərir, bu nailiyyətlərin əsasını elə ilk addımlardan – Bilik Günündən qoyurlar. Bu gün ümumtəhsil məktəblərində yaradılan şərait, təhsil işçilərinə göstərilən hərtərəfli dövlət qayğısı, bir sözlə, muxtar respublikada insan kapitalına böyük önəm verilməsi hər bir valideyndə övladının yaxşı təhsil alacağına, onun gələcəyinin etibarlı əllərdə olduğuna əminlik yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Təhsilə göstərilən davamlı qayğının və müasir yanaşmanın nəticəsidir ki, tədrisin keyfiyyət göstəriciləri xeyli yüksəlmişdir. Hər il ali məktəbə qəbul olunanların və yüksək bal toplayanların sayının artması bunu bir daha təsdiq edir”.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg