Təhsilə göstərilən dövlət qayğısı sayəsində muxtar respublika ümumtəhsil məktəblərində fizika, kimya və biologiya laboratoriyalarının, STEAM kabinələrinin yaradılması bu istiqamətlər üzrə tədris imkanlarını yaxşılaşdırmış, şagirdlərin riyaziyyat, fizika, biologiya və kimya fənlərinə marağını artırmışdır.
Yaradılan şəraitdən bəhrələnərək xüsusi istedadlı şagirdlərin aşkar olunması, onların potensiallarının inkişaf etdirilməsi məqsədi ilə müxtəlif bilik yarışları, müsabiqələr, muxtar respublika və respublika səviyyəli olimpiadalar keçirilir. Eyni zamanda beynəlxalq və respublika fənn olimpiadalarında da iştirakçıların uğur qazanması onların məntiqi təfəkküründən daha çox asılıdır. Bu kimi hallar bir daha təsdiqləyir ki, məntiqi təfəkkür, məntiqi çalışma və tapşırıqları həll etmə vərdişləri şagirdlərdə kiçik yaşlardan inkişaf etdirilməlidir.Odur ki, davamlı yarışlar, müsabiqələr və olimpiadaların keçirilməsi bu vərdişlərin formalaşmasına xidmət edir.