Təbiət qucağın açıbdır bizə,
Lalələr, sünbüllər çıxıbdır dizə,
Kaş indi baş verə elə möcüzə,
Yenidən qayıda məktəb illəri,
Arxada buraxaq qəm-nisgilləri.
Bəli, hər birimiz böyüyüb yaşa dolduqdan sonra ömrün ötən səhifələrini vərəqlədikcə nostalji duyğuların ağuşuna düşürük, yaddaşımızın bir küncündə yığılıb qalan, bizdən heç cür ayrılmaq istəməyən xoş anlar xatirələrimizdə yenidən canlanır. Lakin bir həqiqəti gizlətmək olmur ki, daha nə ağ vərəqtək saf olan uşaqlığımız qalıb, nə hafizədə əvvəlkitək məsum duyğular, düşüncələr yaranır, nə də gözlərdə dünyanın sevinci sezilir. Öz-özünə deyirsən ki, ötən ömür sanki kinolent kimi necə də bir neçə saatın içində gəlib-keçib. Məhz bunun üçün də gərək uşaqlıq illəri elə mənalı, yaddaqalan yaşansın ki, yaşlananda xatırlamağa, yada salmağa, özündən sonra gələn nəsillərə danışmağa maraqlı xatirələr olsun...