Sentyabrın 4-də “Gənclik Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir. Konfransda muxtar respublikanın bütün təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak ediblər.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov açaraq təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, muxtar respublikamızda təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də tikinti quruculuq işlərinin önündə təhsil quruculuğu dayanmışdır. Təkcə 2019-cu ilin birinci yarımili ərzində 1170 şagird yerlik 2 ümumtəhsil məktəbi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidənqurularaq istifadəyə verilmişdir. Hazırda da bu sahədə işlər davam etdirilir.