• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün234
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə5688
mod_vvisit_counterBu ay36751
mod_vvisit_counterÜmumi2504016

Tarix: 25 Apr., 2024

Müstəqillik illərində muxtar respublikada təhsilin inkişafı

Bu gün Azərbaycanda həyata keçirilən iri­miqyaslı layihələrin və proqramların reallaşması birinci növbədə ölkənin kadr potensialından asılıdır. Bu potensialın formalaşmağında başlıca sahə isə təhsildir. Müasir dövrdə təhsilin rolu və əhəmiyyəti getdikcə artmaqdadır. Təhsil sahəsində əldə olunan uğurlar təkcə məktəblərin maddi-texniki bazasının möhkəmlən­di­rilməsi ilə məhdudlaşmır. Təhsil islahatlarının həya­ta keçirilməsi istiqamətində atılan addımlar təhsillə bağlı dəyərlərin yeniləşdirilməsi, müasirləşdirilməsi və son nəticədə Azərbaycan cəmiyyətinin yeni keyfi­yyətinə nail olunması üçün təhsil faktorundan istifa­də edilməsinə şərait yaradır. Bu Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına verdiyi ən böyük töhfədir. Ölkə təhsilinin inkişafı məqsədilə nəzərdə tutulan proqramlar və layihələr bütün ölkədə oldu­ğu kimi, Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir.

Naxçıvan Muxtar Respublikasında təhsilin, maarif və mədəniyyətin inkişafı Muxtar Respublikanın sosial-iqtisadi inkişafı ilə qırılmaz surətdə əlaqədar olub, bütövlükdə ölkəmizdə həyata keçirilən düzgün, düşünülmüş inkişaf strategiyasının məntiqi nəticəsi hesab edilməlidir.

Son 24 il ərzində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni həyatında böyük irəliləyişlər yaranıb. Dünənə qədər adi və ucqar bir əyalət mərkəzini xatırladan, işıqsız, qazsız qalan Naxçıvan son illər Şərqin, Avropanın inkişaf etmiş şəhərləri kimi yenidən qurulub, gözəlləşib. Təməli xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdən qoyulan yeni həyat quruculuğu xətti uğurla davam etdirilib.    1995-ci il dekabrın 16-da birinci çağırış Naxçıvan MR Ali Məclisinin sessiyasında Ali Məclisin Sədri seçilən Vasif Talıbov Ulu öndərin quruculuq və inkişaf xəttinə sadiq qalaraq özünün gərgin əməyi və zəhməti, rəhbərlik bacarığı sayəsində blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına nail oldu. Ali Məclisin Səd­ri cənab Vasif Talıbovun Muxtar Respublikaya rəhbərlik etdiyi bu illər ərzində təhsilin inkişafı üçün bütün şərait yaradıldı. Muxtar Respublikada təhsilə dövlət qayğısı  və diqqət birinci növbədə bu sistemin maddi-texniki bazasının daha da möhkəmlən­dirilmə­si və müasir tələblər səviyyəsində yeniləşdirilməsində özünü göstərir.

Naxçıvan Muxtar Respublikası rəhbərliyinin səyləri nəticə­sində burada  300-ə yaxın dünya standartlarına tam cavab verən məktəb binası, məktəbəqədər və məktəbdənkənar təhsil, musiqi məktəbləri, Heydər Əliyev adına Hərbi Lisey, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris binaları tikilib istifadəyə verilmişdir. Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrinin maddi-texniki bazaları da gücləndirilmiş, ən müasir elm və təhsil infrastrukturu formalaşdırılmışdır. Şagirdlərin asudə vaxtlarının, onların intel­lek­tual səviyyəsini və istedadlarının üzə çıxarıl­ma­sının səmərəli təşkili məqsədilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Muxtar Respublika Texniki Yaradıcılıq, Ekologiya Tərbiyə, Tarix Di­yar­şünaslıq Mərkəzləri, Şahmat və Musiqi məktəb­ləri üçün yeni binalar tikilmiş və ya əsaslı şəkildə təmir edilmiş, ən müasir avadanlıqlarla təchiz edilərək şagirdlərin asu­də vaxtlarını səmərəli keçirmələri üçün onların istifadəsinə verilmişdir. Həmçinin Naxçıvan Texniki Kollecinin, Tibb məktəbinin binaları yenidən qurul­muşdur. Hazırda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və onun elmi tədqiqat institutları, 3 ali, 3 orta ixtisas təhsili, 215 ümumtəhsil, 5 peşə təhsili və peşə tədris mərkəzi, 22 məktəbəqədər, 44 məktəbdənkənar tərbiyə və təhsil müəssisəsi, 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi və Heydər Əliyev adına Hərbi Lisey fəaliyyət göstərir.  Ümumtəhsil məktəblərində təhsil alan şagird­lərin dərslik, dərs vəsaiti və bədii ədəbiyyatla təmin edilməsi də Muxtar Respublika rəhbərinin daim diqqət mərkəzində saxlanılır.

Göründüyü kimi, muxtar respublikanın təhsil mühitində böyük potensial cəmləşmişdir. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilmiş, məktəblər ən müasir informasiya avadanlıqları ilə təmin olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində    600-dən çox elektron lövhə, 4950-yə yaxın kompüter, ali və orta ixtisas təhsili müəssisələrində isə 87 elektron lövhə, 1500-ə yaxın kompüter dəsti müəllim, şagird və tələbələrin istifadəsinə verilmişdir. Naxçıvan Dövlət Universitetində ən müasir elektron təhsil şəbəkəsi yaradılmışdır.

Məktəb işi daim təkmilləşən işdir. Bu istiqamət nəzərə alınaraq məktəblərimizdə tədrisin müasirləşdirilməsi diqqətdə saxlanmış, qabaqcıl tədris metodlarının, o cümlədən distant təhsilin tətbiqində uğurlar əldə olunmuşdur. Müasir cəmiyyətdə distant təhsil, təhsilin yeni bir istiqaməti kimi özünü göstərməkdədir. Hazırda kompüter texnologiyasının və internetin təşəkkülü həyatın digər sahələrində olduğu kimi təhsildə də köklü dəyişikliklər yaratmışdır. Bu gün muxtar respublikada yaşayış məntəqələrinin 98,6 faizində geniş zolaqlı, 99,5 faizində isə simsiz internet xidməti göstərilir. Məktəblərdə quraşdırılan kompüterlərin isə 88,5 faizi internetə qoşulmuşdur. Bütün bunlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər müəyyənləşdirilmiş, muzeylərlə muxtar respublikanın təhsil müəssisələri arasında interaktiv əlaqələr qurulmuşdur. Distant təhsilin üstünlükləri sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyasında da vacib element kimi nəzərə alınmış, məhdud fiziki imkanlı uşaqlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılmışdır.

Muxtar respublikada gənclərin müxtəlif peşələrə yiyələnmələri üçün peşə təhsili müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində də tədbirlər görülmüş, son dövrlərdə 4 peşə liseyi və peşə məktəbi üçün binalar tikilmiş, Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında texniki-peşə və sürücülük məktəbləri, Naxçıvan Regional Peşə Tədris Mərkəzi və Naxçıvan Şəhər Peşə Liseyi istifadəyə verilmişdir.

Təhsilin fasiləsizliyini təmin etmək məqsədilə məktəbəqədər tərbiyə və təhsil sisteminin təşkili də nəzarətdə saxlanmış, son 24 ildə muxtar respublikadakı bütün uşaq bağçaları yeni və müasir binalarla təmin olunmuşdur.

Bu gün “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərinə əsasən azərbaycançılıq ideyalarına sadiq vətəndaşın yetişdirilməsi muxtar respublika təhsilinin əsas məqsəd və vəzifələrindən biri hesab edilir. Bu mənada, heç şübhəsiz, azərbaycançılıq məfkurəsinin əsas qayəsinin və ideyasının gənc nəslə aşılanması, onların Vətənə, dövlətçiliyə, dövlət rəmzlərinə, ilk növbədə, Azərbaycanın Himninə və Bayrağına, milli-mənəvi dəyərlərə hörmət və sadiqlik, ekstremist və düşmən qüvvələrə isə barışmazlıq ruhunda tərbiyəsi, xüsusilə də torpaqlarımızın bir hissəsinin işğal altında qaldığı bir vaxtda orduda xidmətin, vətənin müdafiəsinin şərəf və ləyaqət nümunəsi olması ideyasının təbliği və təşviqi məktəblərimizdə aparılan ideoloji işlərin vacib tərkib hissəsi kimi pedaqoji kollektivlər tərəfindən qəbul olunaraq bu istiqamətdə aparılan işlərdə uğurlara nail olunur. Təhsil müəssisələrinin ən vacib işlərindən biri də gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etməkdi.

Naxçıvan Muxtar Respublikasında şagirdlərin intellektual səviyyəsini yüksəltmək üçün görülən vacib tədbirlərdən biri də muxtar respublikanın bütün ümumtəhsil məktəblərində “Şahmat”ın bir fənn kimi şagirdlərə öyrədilməsidir. Bu, ona görə lazımdır ki, şahmat gənc yaşlarda məntiqli düşünmək qabiliyyəti formalaşdırır. Muxtar respublika rəhbərliyi tərəfindən şagird, tələbə və kursantların asudə vaxtlarının təşkili üçün təhsil müəssisələrində və onlardan kənarda yüksək səviyyədə bütün infrastruktur şəraiti yaradılıb. Bunlardan səmərəli istifadə etmək, təhsili mənəvi və fiziki tərbiyə ilə uzlaşdırmaq, şagirdlərin təfəkkürünü inkişaf etdirmək, sağlam nəsil yetişdirmək təhsil işçilərinin qarşısında duran vacib məsələ kimi qoyulub. Təhsil alanların sağlamlığı sağlam təfəkkürün formalaşmasında əsas amil kimi götürülməlidir.

Bu gün Naxçıvan Muxtar Respublikası uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm amillərdən biri də, şübhəsiz, ötən 95 il ərzində buradakı sosial-iqtisadi inkişafdır. Ancaq bu da ­reallıqdır ki, Naxçıvanda son 24 ildə gedən inkişaf prosesləri, qurucu­luq-abadlıq işləri nəinki muxtariyyətin geridə qalan 95 ilində, hətta Naxçıvanın mövcudluğunun 5 min­illik tarixində də nəzərə çarpmayıb. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada bu gün bütün dövlət proqramlarının, infra­struktur layihələrinin böyük uğurla həyata keçirilməsi sayəsində Naxçıvan artıq bir sıra mühüm göstəricilər üzrə iqtisadi təhlükəsizliyini də təmin edib, mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ötən il İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı olan qədim Naxçıvan Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci və 2018-ci illər üçün ölkənin iqtisadi regionları üzrə hazırladığı investisiya reytinqində ən yüksək ümumi bal toplayaraq birinci olub. Şübhəsiz, bütün bunlar həm muxtariyyətin bəhrələri, həm də aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

Natiq Əhmədov

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Naxçıvan Qarnizonu tam orta məktəbin direktoru


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg