• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün712
mod_vvisit_counterDünən699
mod_vvisit_counterBu həftə3891
mod_vvisit_counterBu ay32269
mod_vvisit_counterÜmumi2462758

Tarix: 28 Mart, 2024

Məktəb psixoloqu işini müasir tələblər baxımından necə qurmalıdır?

 

Müasir dövrdə insan tərbiyəsi və onun formalaşması olduqca aktual və özünəməxsus çətinlikləri olan bir prosesdir. Bu işin həyata keçirilməsi insanı öyrənən müxtəlif elmlər sisteminin əsas predmetinə çevrilib. Lakin etiraf etməliyik ki, insanın bir şəxsiyyət kimi formalaşmasının parametrləri və mexanizmlərini bütün dövrlərdə öyrənən psixologiya elmidir.

İnsan şəxsiyyətinin formalaşması prosesi müxtəlif mərhələləri və sistemləri əhatə edir. Bu sistemləri mikro, mezo, ekzo və makrosistemlər adlandırırlar. Mərhələli və fasiləsiz surətdə həyata keçirilən bu işin təşkili əsasən mikro sistemə aid olan orta ümumtəhsil məktəblərinin payına düşür. Orta ümumtəhsil məktəblərində yeni insan tərbiyəsi ilə müxtəlif ixtisaslı kadrlar məşğul olur. Lakin bu işin həyata keçrilməsi heç də hər zaman problemsiz ötüşmür və ortaya bir sıra çətinliklər çıxır. Qarşıya çıxan bu çətinliklərin aradan qaldırılmasında isə məktəb psixoloqlarının rolu əvəzsizdir.

Bu işin yerinə yetrilməsi bir sıra amillərin nəzərə alınmasını özündə ehtiva edir. 1) Tərbiyə olunanın şəxsiyyətinin parametrləri. 2) Onun şəxsiyyətinin formalaşması işini həyata keçirən məktəb psixoloqunun şəxsiyyətinin parametrləri. 3) Psixoloji xidmətin həyata keçirildiyi konkret şərait və bu şəraitin imkanları.

Elə bu səbəbdən də bizi haqlı olaraq aşağıdakı suallar düşündürür. Məktəb psixoloqu kimdir və onun şəxsiyyətində hansı psixoloji parametrlər öz əksini tapmalıdır? Onun işinin əsas istiqamətlərini nələr təşkil etməlidir? Müasir dövrdə bu işin həyata keçirilməsi üçün konkret şərait imkanları hansı üstünlükləri ilə seçilir və məktəb psixoloqunun öz işini müasir tələblər baxımından qurmasına necə təsir edir?

Məktəb psixoloqu kimdir və onun şəxsiyyətində hansı psixoloji parametrlər öz əksini tapmalıdır?

Biz lakonik olaraq bu parametrləri aşağıdakı kimi qruplaşdırmağı məqsədəuyğun hesab etdik:

  • Azərbaycançılıq ideologiyasına sadiq
  • Daima milli maraqları üstün tutan və ümumbəşəri dəyərləri qoruyan
  • Öz peşəsini sevən
  • Savadlı
  • Uşaqları sevən və onlara ağıllı məhəbbətlə yanaşan
  • Özünün və insanların şəxsiyyətinə hörmətlə yanaşmağı bacaran
  • Liderlik xüsusiyyətlərinə malik
  • Yeni innovasiyalardan xəbərdar
  • Təşkilatçı
  • Təşəbbüskar
  • Öz şəxsi nüfuzunu qoruyan
  • Özünə inamlı

Oxuduğumuz ədəbiyyatlardan və həyatda qazandığımız təcrübədən aydındır ki, psixoloji yanaşmada şəxsiyyətin nümunəvi təsir imkanları ən əsas amil rolunu oynayır. Bu baxımdan yuxarıda məktəb psixoloqunun şəxsiyyətində öz əksini tapması zəruri olan parametrlər yeni insan tərbiyəsində qarşıya çıxacaq problemlərin həlli istiqamətində nümunəvi tərbiyəvi təsir gücünə malik, olduqca mühüm təsiredici elementləridir. Hər bir məktəb psixoloqu öz şəxsiyyətinin təkmilləşməsində bu elementlərin formalaşmasına xüsusi diqqət yetirməlidir.

Müasir dövrdə məktəb psixoloqunun işinin əsas istiqamətlərini nələr təşkil etməlidir?

Müasir dövr bütün istiqamətlərdə olduğu kimi, məktəb psixoloqunun da öz işinə yeni tələblər baxımından yanaşmasında əsaslı dönüşlər yaratması üçün qarşısına bir sıra zəruri vəzifələr qoyur. Bu vəzifələrin müəyyənləşməsi və icrası işinin təşkilində milli maraqlar nəzərə alınmaqla yanaşı müasir dövrün “Qloballaşma əsri” olduğunu da unutmamaq lazımdır.

Alman psixoloqu və psixiatrı N. Pezeşkian tərbiyədən bəhs edərək göstərir ki, düzgün və vahid tərbiyə bu gün demək olar ki, mümkün deyil. Əvvəlki dövrlərdə təlimin məqsədi, sosial davranış normaları, tərbiyə standartları məlum idi. İndi qapalı cəmiyyətlər açıq cəmiyyətlərlə əvəz olunur və belə də az qala hər ailənin öz tərbiyə sistemi, etnik görüşləri olur və hər bir ailə öz dünyagörüşü, etiqadına uyğun gələn tərbiyə sistemi qurur. Deməli, yeni dövrdə insan şəxsiyyətinin formalaşması artıq milli konteksdən çıxaraq qloballaşıb. Elə bu baxımdan da bu əsrin adını “Qloballaşma əsri” adlandırırlar. Məktəb psixoloqu yeni insan tərbiyəsində yaranmış problemlərin həllində qloballaşmanın da təsir imkanlarını dəyərləndirməli və müxtəlif psixoloji problemlərin yaranma səbəblərini məhz bu təsir imkanlarında da axtarmağı bacarmalıdır.

Məktəb psixoloqu məktəbdə əvvəlcədən müəyyənləşmiş şəkildə illik və aylıq iş planları əsasında psixoloji xidmət işinin təşkilini günün tələbləri səviyyəsində qurmağa çalışır. Təbii ki, bu işin günün tələbləri səviyyəsində qurulması üçün  məktəb psixoloqlarından aşağıdakı istiqamətlərdə işlərin yerinə yetirilməsi tələb olunur.

  • Psixologiyanın müxtəlif sahələri istiqamətində baza biliyinin möhkəmləndirilməsi
  • Daima psixologiya elmi sahəsində olan yeniliklərin axtarışında olmaq
  • Qazanılmış biliklərin təcrübəyə tətbiq edilməsi bacarığı
  • Praktik olaraq yaranmış problemlərin həllinə yaradıcı yanaşma və aktivlik.

İstənilən sahədə baza biliklərinin mövcudluğu ən əsas amil olaraq qiymətləndirilir. Məktəb psixoloqları psixologiyanın nəzəri və praktik sahələri haqqında möhkəm biliyə sahib olmaqla baş verən problemə nəyin əsas səbəb olduğunu müəyyənləşdirə bilərlər.

Zaman dəyişdikcə şəxsiyyətə təsir amilləri də öz forma və istiqamətlərinə görə yeni təsir imkanlarına malik olur. Yəni, müxtəlif dövrlərdə şəxsiyyətlərarası münasibətlərdə yarana biləcək problemlərin səbəbləri də dövrün tələblərinə müvafiq olaraq dəyişir. Bu problemlərin yaranmasına bir tərəfdən şəxsiyyətin fərdi inkişafındakı dəyişikliklər təsir edirsə, digər tərəfdən sosial mühitdə yaranan yeni proseslər birmənalı şəkildə təsir göstərir. Psixoloqlar bu problemlərin yaranması səbəblərini müəyyənləşdirmək üçün mütləq şəkildə biliklərini psixologiya elmi sahəsindəki müasir elmi yeniliklərlə zənginləşdirməlidir.

Müasir elmlər sistemi nəzəriyyə, eksperiment  və praktikanın vəhdətindən yola çıxaraq elmi biliklərin təcrübəyə tətbiqi bacarığının vacibliyini özündə ehtiva edir. Düşünək ki, hər hansısa bir məktəb psixoloqu həddindən artıq savadlı və psixologiyanın müxtəlif sahələri haqqında nəzəri baza biliklərinə malikdir. Etiraf etməliyik ki, məktəb psixoloqunda bu nəzəri biliklərin tətbiqi bacarığı yoxdursa bu biliklər hər hansısa bir göldə sadəcə toplanmış, lakin, istifadəsi müəyyənləşdirlməmiş bir su yığınına bənzəyir. Bu baxımdan məktəb psixoloqları öz baza biliklərini təcrübəyə tətbiq etmə bacarığına sahib olmalıdırlar. Bu bacarığın olmasına iki amil təsir edir. 1) Məktəb psixoloqunun bu sahədəki qabiliyyəti. 2) Bu sahədə təcrübi fəaliyyəti.

Psixologiya dərsliyindən məlumdur ki, insanın hər hansı bir və ya bir neçə fəaliyyət sahəsi üçün daha çox yararlı olduğunu göstərən fərdi psixi xassəyə qabiliyyət deyilir. Bəzən insanda yaranmış olan bilik, bacarıq və vərdişləri qabiliyyətlə eyniləşdirə bilərlər. Xatırladım ki, bu yanaşma səhv olardı. Çünki bilik, bacarıq və vərdişlər həyatda qazanılan keyfiyyətlərdirsə qabiliyyət bu keyfiyyətlərin yaranması və yeni yanaşmaların təmini üçün anadangəlmə fərdi psixoloji xüsusiyyətdir. Deməli məktəbə psixoloji xidmət işinin təşkilini həyata keçirən məktəb psixoloqunun bu istiqamətdə qabiliyyətinin olması ən başlıca şərtlərdən birini təşkil edir. Qabiliyyət yoxdursa onda sadəcə öyrədilən bilik, bacarıq və vərdişlər əsas rol oynayır ki, bu məktəb psixoloqunu bir növ çərçivədə saxlayır, yəni, onda yaranmış problemlərin həllində yeni yaradıcı yanaşmaları müşahidə etmək mümkün olmur. Müxtəlif şagirdlərdə problemlər oxşar olsa da bu problemlərin həllinə məktəb psixoloqu fərdi yanaşmanı təmin etməyi bacarmalıdır. Bu isə xüsusi qabiliyyətin olmasını tələb edir. Xüsusi qabiliyyət yoxdursa məktəb psixoloqu bütün şagirdlərə yaradıcı deyil öyrəndiyi şablon, vahid bir sistem üzərindən yanaşır ki, bu yamnaşma isə hər zaman özünü doğrultmur.

Bəzən məktəb psixoloqları təcrübədə elə problemlərlə qarşılaşır ki, bu problemlərin həlli yolu hələ nəzəriyyədə müəyyənləşdirilməyib. Biz bu tip problemlərin həllini tapmaq və aradan qaldırılmasını həyata keçirmək üçün hansısa psixoloqların bu sahədə tədqiqatlar apararaq yeni həlli yolları tapmalarını gözləyə bilmərik. Yəni, problemin həlli gecikdirilə bilməz. Deməli elə problemlər vardır ki, məktəb psixoloqu bu problemin həllində özü qərar qəbul etməyi və yeni yanaşmalar tətbiq etməyi bacarmalıdır.

Müasir dövrdə bu işin həyata keçirilməsi üçün konkret şərait imkanları hansı üstünlükləri ilə seçilir və məktəb psixoloqunun öz işini müasir tələblər baxımından qurmasına necə təsir edir?

Məktəbə psixololoji xidmətin müasir tələblər baxımından həyata keçirilməsi bir-biri ilə vəhdət təşkil edən iki əsas amilin mövcudluğunu özündə ehtiva edir. 1) Yuxarıda da qeyd etdiyimiz kimi, psixoloji xidməti həyata keçirən mütəxəssisin bilik bazası və şəxsiyyətinin xüsusiyyətlərindən. 2) Orta ümumtəhsil məktəblərində bu xidmətin həyata keçirilməsi işinin keyfiyyətliliyini təmin edən şəraitin olmasından.

Qürur hissi ilə deyə bilərik ki, bu gün muxtar respublikamızın elə bir şəhər, rayon və kəndi yoxdur ki, orada yüksək innovativ texnologiyalarla təsis edilmiş, yeni maddi texniki bazaya malik, müasir standartlara tam cavab verən məktəblər fəaliyyət göstərməsin. Deməli orta ümumtəhsil məktəblərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin diqqət və qyğısı nəticəsində təhsilinin həyata keçirilməsinin ən əsas elementlərinidən biri olan tam şəraitlə təsis edilmiş məktəblərin təsil alanların və təhsil verənlərin ixtiyarına verilməsi təhsilin və onun əsas tərkib hissəsi sayılan psixoloji xidmətin həyata keçirilməsinin müasir tələblər baxımından qurulması üçün bütün imkanları yaratmışdır.

Məktəb psixoloqlarının öz işlərini mükəmməl səviyyədə qurmaları və həyata keçirmələri üçün müasir məktəblərimizdə psixoloq kabinetləri yaradılmışdır. Bu şərait məktəb psixoloqlarının müasir tələblər baxımından psixoloji yardımın həyata keçirilməsi prosesini təmin etmələrinə tam əsas verir və məktəb psixoloqlarının qarşısında mühüm vəzifələr qoyur.

Bu gün muxtar respublikamızda təhsilin inkişafı sadəcə məktəblərin maddi texniki bazasının yenilənməsi və güclənməsi işi ilə yekunlaşmayıb, təhsilin və məktəbə psixoloji xidmətin müasir tələblər baxımından təşkilini təmin edəcək mütəxəssilərin hazırlanması işinin yüksək səviyyədə qurulmasını təmin edəcək ali təhsil müəassisələrinin də yenidən qurulması, yeni innovativ texnologiyalarla təmin edilməsi işinin həyata keçirilməsi prioritet və təxirəsalınmaz bir vəzifə olaraq müəyyənləşdirilmişdir.

16 may 2018-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunun müasir standartlara cavab verən yeni binasının istifadəyə verilməsi bunun bariz nümunəsidir.

Naxçıvan Müəllimlər İnstitutunda bir sıra ixtisaslarla yanaşı muxtar respulikanın digər ali məktəblərində mövcud olmayan bakalavr səviyyəsində Təhsildə sosial psixoloji xüdmət ixtisasının olması, bu ixtisasda təhsil alanların həm nəzəri həm də praktik biliklərinin möhkəmləndirilməsi üçün yaradılmış psixologiya laboratoriyası və psixologiya kabinəsi bu itiqamətdə təhsilin səmərəli təşkilinə öz tövhəsini verməkdədir. Təhsildə sosial psixoloji xidmət ixtisasının tam təkmil şəkildə təhsilinin qurulması və bu istiqamətdə yüksək ixtisaslı kadrların hazırlanması üçün dövlət qayğısı ilə əhatə olunmuş tam təminatlı şərait mövcuddur.

Hal-hazırda Naxçıvan Müəllimlər İnstitutunda Təhsildə sosial psixoloji xidmət ixtisası üzrə həm bakalavr həm də magistr səviyyələrində kadr hazırlığı həyata keçirilir. Bu ixtisasda təhsil alan magistr tələbələrin öz təhsillərini dokturantura səviyyəsində davam etdirmələri üçün mühüm addımlar atılır və məqsədli yerlər alınır. Bütün bunlar isə muxtar respublika rəhbərliyi tərəfindən yaradılmış şəraitə, göstərilmiş qayğı və diqqətə müvafiq olaraq psixologiya istiqamətində yeni ixtisaslı kadr siyasətinin həyata keçirilməsini özündə ehtiva edir.

Naxçıvan Müəllimlər İnstitutunda ixtisaslı kadırların hazırlanması ilə yanaşı İxtisasartırma və yenidənhazırlama istiqaməti də mövcuddur ki, bu istiqamət müntəzəm olaraq uğurlu layihələr hazırlayır və kurslar təşkil edərək orta məktəblərdə çalışan müxtəlif fənn müəllimləri və məktəb psixoloqlarının elmin yenilikləri ilə tanış olmalarına, yeni innovativ texnolagiyalardan səmərəli istifadənin öyrədilməsinə, müasir elmi yanaşmalarla təkmilləşmələrinə şərait yaradır.

17-21 dekabr 2018-ci ildə məktəb psixoloqları üçün təşkil edilmiş psixoloq kursu bu uğurlu layihələrdən biri olaraq yadda qaldı. Psixoloqların təkmilləşdirilməsi kursunda Naxçıvan Müəllimər İnstitutunun peşəkar psixoloq və pedaqoqları 5 gün müddətində psixologiya və pedaqogika istiqamətində mövcud müasir biliklər və yanaşmalarla müdavimləri tanış etdi və onalara bu istiqamətdə çoxlu materiallar təqdim etdilər. Kursun sosunda müdavimlər təlimçilər tərəfindən hazırlanmış sualları cavablandırmaqla səviyyələr üzrə sertifikatlarla təmin olundular.

Naxçıvan Müəllimlər İnstitutunda Pedaqogika və psixologiya kafedrasının tərkibində ixtisaslı psixololoqlar müxtəlif istiqamətlərdə elmi tədiqatlarla məşğul olurlar. Hal-hazırda psixoloqlardan 2 nəfəri psixolologiya üzrə fəlsəfə doktoru, dosent, 2 nəfəri müdafiə edərək psixologiya üzrə fəlsəfə doktoru elmi adına namizəd, 3 nəfəri psixologiyanın müxtəlif istiqamətləri üzrə dokturant, 4 nəfəri isə magistr ali təhsili almış mütəxəssislərdir. Bu kadrlar respublikada və respublikadan kənarda müxtəlif elmi məqalələri və elmi tədqiqatları ilə tanınırlar. Pedaqogika və psixologiya kafedarsındakı kadr potensialı həm psixologiya sahəsində yeni kadrların hazırlanması həm də ixtisasartırma və yenidənhazırlama istiqamətində məktəb psixoloqlarının təkmilləşdirilməsi işinin həyata keçirilməsində mütəxəssis kimi yüksək nəticələri ilə seçilirlər.

Hal-hazırda İnstitutumuzda istər bakalavr istərsə də magistr səviyyəsində kadr hazırlığı işləri uğurla həyata keçirilir. Artıq bir neçə ildir ki, bu ixtisas istiqamətində məzun olan kadrlarımız muxtar respublikanın orta ümumtəhsil məktəblərində öz uğurlu fəaliyyətləri ilə məktəbə psixoloji xidmət işini günün tələbləri səviyyəsində həyata keçirirlər.

Hər bir məktəb psixoloqunun öz işini müasir tələblər baxımından daha təkmil şəkildə qurması bu işlərin vahid sistemini özündə ehtiva edir.

Çapay Quliyev

Naxçıvan Müəllimlər İnstitutunun

Təbiət və incəsənət fakültəsinin

dekan müavini, psixoloq


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg