
Məlumat üçün bildirək ki, ötən illərdə muxtar respublikada peşə təhsil müəssisələrinə tələbə qəbulu qısa müddətli 1, 2 və 3 aylıq kurslardan ibarət olmuşdur. 2024-2025-ci tədris ili üzrə isə 3 peşə təhsili müəssisəsinə ilk peşə, texniki peşə və yüksək texniki peşə səviyyələri üzrə 6 aylıq, 1, 3 və 4 illik olmaqla 35 ixtisasa qəbul aparılmışdır ki, ilk yüksək texniki peşə təhsil səviyyəsi üzrə təhsil alan tələbələrə subaklavr ixtisas dərəcəsi də veriləcək. Bu da həmin məzunların qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olunmalarına şərait yaradacaq.
2024-2025-ci tədris ilində muxtar respublikanın peşə təhsil müəssisələrində yeni ixtisaslar da tədris olunacaq. Bunlar baytar texniki, isitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis, binaların tikintisi və istismarı, elektronika və kommunikasiya sistemlərinin istismarı, mehmanxana və restoran işinin təşkili və idarə edilməsi, dəmiryolu stansiyası və keçid növbətçisi, kargüzar, mühasibat uçotu, kompüterlərin təmiri və xidməti üzrə texnik ixtisaslarıdır.
Qeyd edək ki, peşə təhsili səviyyəsi əmək bazarına gedən qısa yol sayılır və burada tədrisin əsas hissəsinin təcrübədən ibarət olması, tələbələrə müəllimlərlə yanaşı, peşəkar mütəxəssislərin bələdçilik etməsi və istehsalat təcrübəsinin işəgötürən müəssisələrdə təşkili məzunlara qısa müddətdə iş tapmaq imkanı qazandırır. Bu cəhətdən Dövlət Proqramına uyğun olaraq muxtar respublikada peşə təhsilinin əhatəsinin genişləndirilməsi vətəndaşların məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayacaq.