
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni məktəblər inşa edilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Qeyd olunub ki, hazırda 17 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir. 2022-2023-cü tədris ilindən isə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey, Distant Təhsil Mərkəzi, 8 nömrəli Uşaq Bağçası-Körpələr Evi və STEAM Təlim-Tədris Mərkəzi Təhsil Nazirliyinin şəbəkəsinə qoşulacaq. Nazirliyin şəbəkəsinə qoşulacaq yeni tipli təhsil müəssisələri muxtar respublikada təhsilin inkişafına öz töhfəsini verəcək, ixtisaslı və peşəkar kadrların hazırlanmasında mühüm rol oynayacaqdır.
Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən yeni dərs ilinə hazırlıqla bağlı bir sıra tədbirlər görülüb. Bu tədbirlərdən biri də şagirdlərin vaxtında dərsliklərlə təminatıdır. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, hər il muxtar respublikanın ümumtəhsil məktəbləri yeni tədris ilinin əvvəlində dərsliklərlə təmin olunur. Qarşıdan gələn tədris ili üçün də Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərindəki dərsliklərin təhlili aparılmış, yeni dərsliklərə tələbat müəyyənləşdirilmişdi. Cari ilin aprel ayında 243 min dərsliyin sifarişi verilmişdi. Sifariş verilən kitabların 118 mini artıq muxtar respublikaya gətirilib. III, VII, X siniflər üçün dərsliklərin və məktəb sənədlərinin növbəti günlərdə gətirilməsi təmin ediləcək.
Bildirilib ki, şagirdlərin məktəbli geyimləri ilə təminatı da diqqət mərkəzində saxlanılır, məktəblilər üçün vahid geyim formaları müəyyənləşdirilib. Hər il məktəbli yarmarkalarında bu geyimlərin satışı təşkil olunur.
Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən bu gündən etibarən Naxçıvan şəhərində və rayonlarda məktəbli yarmarkası fəaliyyətə başlayır. Belə yarmarkalar yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimlərinə və dərs ləvazimatlarına olan tələbatlarının daha asan şəkildə təmin edilməsində mühüm rol oynayır.
Sonra yarmarkaya gələnlər satışa çıxarılan məhsullarla tanış olublar. Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanıb.
Valideynlər belə yarmarkaların təşkil olunmasına görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, məktəbli yarmarkası muxtar respublikanın bütün rayonlarında da təşkil olunub və sentyabrın 14-dək davam edəcək.
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti