
“Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 50 müəllim qatılıb. Onlardan 8-i, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Natella Rzayeva “Biologiya dərslərinə 3D texnologiyalarının tətbiqi”, 7 nömrəli tam orta məktəbin müəllimi Fəridə Əliyeva “Duolingo tətbiqi ilə İngilis dilini əylənərək öyrənək”, Şərur rayon Püsyan kənd tam orta məktəbinin müəllimi Zakir Babayev “Məktəbdə psixososial durumun yaxşılaşdırılması, valideynlərin məktəb həyatında iştirakının genişləndirilməsi”, Culfa rayon Əlincə kənd tam orta məktəbinin müəllimi Səma Həsənli “Gənc Mühasib Şagirdlər”, Culfa şəhər 3 nömrəli tam orta məktəbinin müəllimi Günel Quliyeva “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sağlam psixoloji mühit yaratmaq məqsədilə müəllim, valideyn və şagird arasında münasibətlərin tənzimlənməsi”, Qıvraq qəsəbə tam orta məktəbinin müəllimləri Aytən Kərimova “Gələcək üçün əl-ələ!”, Xanım Əliyeva “Balaca rəssamlar”, Qabıllı kənd tam orta məktəbinin müəllimi Nəzrin Seyidova isə “Gələcəyin unikal açarı” fərdi kateqoriyaları üzrə qalib olub.
Qeyd edək ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin müəllimləri müsabiqəyə 2020-ci ildən qatılırlar və müsabiqəyə ildən- ilə müəllimlərin marağı artır. Belə ki, müsabiqəyə 2020-cu ildə 17, 2021-ci ildə 31 müəllim qatılmışdısa, cari tədris ilində isə 50 müəllim layihə təqdim edib.
Biz də qrant müsabiqədə qalib olan Naxçıvanlı müəllimlərin təəssüratlarını öyrəndik və onların fikirlərini oxuculara təqdim edirik.
Zakir Babayev- Şərur rayon Püsyan kənd tam orta məktəbinin müəllimi “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin qalibi: -Mənim layihəmin adı “Məktəbdə psixososial durumun yaxşılaşdırılması, valideynlərin məktəb həyatında iştirakının genişləndirilməsi”dir. Layihəmin məqsədi Şərur rayonunda yerləşən məktəblərdə valideyin-şagird –məktəb üçbucağının qurulması və daha da inkişaf etdirilməsidir. Layihəmiz şəffaf, demokratik və keyfiyyətli öyrətmə sistemi ilə vəhdətdə daha yüksək nəticələr əldə olunmasına şərait yaradacaqdır.
Natella Rzayeva- Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin müəllimi, “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin qalibi: -Mənim layihəm “Biologiya dərslərinə 3D texnologiyalarının tətbiqi” mövzusundadır. Məqsədi biologiya dərslərində 3D texnologiyalarının tətbiqi ilə şagirdlərin ən çətin mövzuları asanlıqla və maraqla mənimsəmələrini təmin etməkdir. Layihənin icrası zamanı məktəbin STEAM kabinəsində yaradılan şəraitdən istifadə edilərək 3D printer vasitəsilə bir çox mövzunu əyani şəkildə tədris etmək imkanı yaranacaq.
Qeyd edək ki, VI qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrinin və təhsilverənlərin fəaliyyətində inkişafı dəstəkləmək, onların innovativ fəaliyyətini stimullaşdırmaq və təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdan ibarətdir. Qrant müsabiqəsi üzrə prioritet hesab olunan istiqamətlər müəyyən edilərkən, nəzərə alınan ən önəmli faktor həmin istiqamətlərdə həyata keçiriləcək layihənin məktəb mühitinə və pedaqoji işçilərin inkişafına müsbət təsir göstərə bilməsidir. Bu mənada, sözügedən layihə istiqamətlərinə diqqət yetirildikdə, müəyyən olunmuş mövzuların ümumilikdə həm məktəbə, həm pedaqoji heyətə, həm də təhsilalanlara faydasını aydın müşahidə etmək mümkündür. Bu müsabiqədə də məqsəd və gözləntilər inkişaf əsaslı və innovativ xarakterli təşəbbüslərin dəstəklənməsi və həyata keçirilməsinə nail olunmasıdır. Çünki layihə təklifləri üçün müəyyən edilmiş mövzular ümumtəhsil mühiti üçün əhəmiyyətli hesab edilir. Digər tərəfdən, mövzular əhəmiyyətli olduqları qədər, həmdə aktualdır.
Müəllimlərimiz də müsabiqəyə tələb olunan mövzular üzrə bir-birindən maraqlı layihələr təqdim edərək qalib olublar. Belə ki, Qıvraq qəsəbə tam orta məktəbinin müəllimi Xanım Əliyeva öz layihəsini Kəngərli rayonundan olan 8 şəhidinin əziz xatirəsinə həsr edib. Müəllim məktəbdə “Balaca rəssamlar” adlı rəsm dərnəyini yaradaraq, onların xatirəsini əbədiləşdirmək istəyir.
Culfa rayon Əlincə kənd tam orta məktəbinin müəllimi Səma Həsənlinin layihəsi isə şagirdlərin maliyyə səriştəsini düzgün formalaşdırmaq, onlara maddi vəsaitlərindən səmərəli istifadə etməyi öyrətmək, həmçinin gələcək fəaliyyətləri üçün zəruri olan kariyera seçimində düzgün addımlar atmalarına təkan verməkdir.
Bu gün dünyada ekoloji problemlər ən vacib məsələlərdən biridir. Qıvraq qəsəbə tam orta məktəbinin müəllimi Aytən Kərimova öz layihəsilə bu problemlərin həllində məktəblilərin yaxından iştirakını təmin etmək, bu mövzusuda şagirdlərə təlimlərin keçirilməsi, diskussiyaların aparılması, onlarda ekoloji fəlakətlərin mahiyyəti barədə müəyyən təsəvvürlərin yaradılması, ətraf mühit, insan və təbiət arasında qarşılıqlı əlaqələrin vacibliyinin aşılamaqdır.
Qabıllı kənd tam orta məktəbinin müəllimi Nəzrin Seyidovanın layihəsində isə əsas məqsəd şagirdlərə ingilis dilinə hobi kimi yanaşaraq həvəsləndirib öyrənməyə, rahat və əyləncəli interaktiv metodlarla dünyagörüş və informasiya azlığını aradan qaldırmaqla ingilis dilinin 4 məzmun xətti üzrə birlikdə araşdırmaq, paralel şəkildə dinləmə-anlama, danışıq, oxu və yazı bacarıqlarını təkmilləşdirmək üçün dərsdən sonra söhbət klubu yaradılmasıdan ibarətdir.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin müəllimi Fəridə Əliyevanın layihəsi də bütün yaş qruplarından olan şagirdlərə “Duolingo” tətbiqi vasitəsilə İngilis dilini əylənərək öyrətmək məqsədi daşıyır.
Culfa şəhər 3 nömrəli tam orta məktəbinin müəllimi Günel Quliyevanın “layihəsi məktəblərdə psixoloqları təlimlərə cəlb etməklə, onların fəaliyyətinin yüksəldilməsinə, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün sağlam psixoloji mühit yaradaraq onların məktəbdə fəallığının artırılması, onların öz həmyaşıdları ilə birlikdə davamlı olaraq bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə nail olmaqdır.
Biz də müasibiqədə qalib olan müəllimləri təbrik edir, onlara uğurlar arzulayırıq.