• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1011
mod_vvisit_counterDünən1222
mod_vvisit_counterBu həftə10154
mod_vvisit_counterBu ay41616
mod_vvisit_counterÜmumi1234389

Tarix: 25 İyun, 2022

Naxçıvanda Birinci Beynəlxalq Tibbi Forumun açılışı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2022-ci il  iyunun 10-da “Naxçıvan Muxtar Respublikasında Birinci Beynəlxalq Tibbi Forumun keçirilməsi haqqında” Sərəncam imzalayıb, forumun keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
İyunun 18-də Naxçıvan Dövlət Milli Dram Teatrında Birinci Beynəlxalq Tibbi Forumun açılış tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov forumun açılışında iştirak edib. Əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev, Endoskopik Laparoskopik Cərrahi Dərnəyinin fəxri sədri Cavid Avcı, Türkiyənin Yeditəpə Universitetinin rektoru Canan Aykut Bingöl, Qaradəniz Texniki Universitetinin rektoru Hamdullah Çuvalcı və forum iştirakçıları əczaçılıq məhsullarının və tibbi avadanlıqların sərgisinə baxıblar. Bildirilib ki, foruma 20-dən artıq tədris və tibbi ləvazimat, dərman və qida məhsulları istehsalı və satışı həyata keçirən şirkət qatılıb.
Açılış tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Birinci Beynəlxalq Tibbi Forumun iştirakçılarını qədim Azərbaycan torpağı Naxçıvanda salamlayaraq deyib: Sağlam cəmiyyətin formalaşmasında səhiyyənin mühüm rolu vardır. Ona görədir ki, tarixən tibb elminə, həkimlik sənətinə qayğı insanlığa qayğı kimi dəyərləndirilib. Müasir dövrdə də ölkələrin inkişafında əhalinin sağlamlıq səviyyəsi və tibbi xidmətlə təminat əsas göstərici hesab olunur. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu məsələni diqqətdə saxlayıb, Azərbaycanda səhiyyə quruculuğu geniş vüsət alıb. Ulu öndərin əsasını qoyduğu səhiyyə islahatları ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi islahatların başlıca istiqamətidir. Müstəqillik illərində muxtar respublikada 200-dən artıq səhiyyə müəssisəsi tikilib, ən son tibbi avadanlıqlar quraşdırılıb. Müasir tələblər səviyyəsində qurulan xəstəxanalar muxtar respublika səhiyyəsini yeni inkişaf mərhələsinə çıxarıb. Hazırda Naxçıvanda 28 muxtar respublika, şəhər, rayon, qəsəbə və kənd sahə xəstəxanası, mərkəz və dispanser, birlik, eləcə də 85 həkim ambulatoriyası, 94 feldşer-mama və tibb məntəqəsi vasitəsilə əhaliyə hərtərəfli tibbi xidmət göstərilir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin də fəaliyyəti təmin edilib. Bütün bunların nəticəsidir ki, muxtar respublikada insan sağlamlığının başlıca şərti olan sanitar-epidemioloji vəziyyət sabitdir.
“Səhiyyənin inkişafı müasir infrastruktur təminatı ilə yanaşı, həm də ixtisaslı kadr hazırlığından başlayır”,-deyən Ali Məclisin Sədri bildirib ki, muxtar respublikada bu iş paralel şəkildə həyata keçirilir, orta ixtisas və ali təhsilli tibbi kadr hazırlığına böyük əhəmiyyət verilir. 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin fəaliyyətə başlaması və ötən dövrdə keçdiyi böyük yol muxtar respublikada ixtisaslı həkim hazırlığı sahəsində mühüm mərhələdir. Hazırda fakültədə Tibb, İctimai səhiyyə, Hərbi tibb, Psixologiya, Əczaçılıq, Stomatologiya, Tibbi profilaktika və Müalicə işi ixtisasları üzrə həkim, eləcə də rezident hazırlığı həyata keçirilir. Fakültənin məzunları peşəkar həkim kimi Azərbaycanda və dünyanın bir çox ölkələrində fəaliyyət göstərirlər. Bununla yanaşı, Naxçıvan Tibb Kollecində də Müalicə işi, Mamalıq işi, Tibb bacısı, Əczaçılıq, Ortopedik stomatologiya, Laboratoriya diaqnostikası, Müalicə masajı və Hərbi feldşer işi ixtisasları üzrə orta ixtisas tibb işçiləri hazırlanır. Naxçıvanda icbari tibbi sığortaya keçid də əhalinin keyfiyyətli tibbi xidmətlərlə təminatına töhfə verib, bütün yaşayış məntəqələrində bu proses uğurla başa çatdırılıb. Göründüyü kimi, muxtar respublikada insan sağlamlığının qorunması sahəsində geniş imkanlar vardır. Artıq muxtar respublikada əhalinin təbii artımı orta ölüm göstəricilərini üstələyir, ana və uşaq ölümü ən aşağı həddədir.
Ali Məclisin Sədri deyib: Müasir dünyamızda xəstəliklərlə mübarizə prioritet məsələdir. Bu da öz növbəsində ixtisaslı tibbi kadr hazırlığını və səhiyyə sistemində ən son elmi nailiyyətlərin tətbiqini zərurətə çevirib. Böyük filosof və tibb alimi İbn Sina deyirdi ki, “Ümidsiz xəstə yoxdur, ümidsiz həkim var”. Təcrübə də göstərir ki, həkimlərin peşəkarlığı artırılmadan nə səhiyyənin inkişafından, nə də insan sağlamlığından danışmaq mümkündür. Qarşılıqlı fikir mübadiləsinin aparılması, elmi-tibbi nailiyyətlərin öyrənilməsi və tətbiqi, beynəlxalq təcrübədən faydalanmaq bu mənada mühüm əhəmiyyətə malikdir.
Ali Məclisin Sədri Naxçıvanda keçirilən Birinci Beynəlxalq Tibbi Forumun dünyanın mötəbər universitetlərini təmsil edən tanınmış həkim və mütəxəssislər arasında birgə elmi tədqiqatların və fikir mübadiləsinin aparılmasında faydalı olacağına inamını ifadə edib, təşkilatçılara təşəkkürünü bildirib, forumun işinə uğurlar arzulayıb və çıxışını ümummilli liderimiz Heydər Əliyevin “Hər bir sahə lazımdır. Amma özünü həkim sənətinə, insanların sağlamlığına, səhhətinə həsr edənlər ən qiymətli insanlardır. Çünki insan nə qədər sağlam olsa, öz sahəsində o qədər də yeni ixtiralar edəcək, nailiyyətlər qazanacaq və cəmiyyəti irəli aparacaqdır. Ona görə də mən belə hesab edirəm ki, həkimlik sənəti, yəni insanın sağlamlığının qorunması və müxtəlif xəstəliklərdən xilas edilməsi, onun daha da çox yaşaması üçün çalışan sahə daim inkişaf etməlidir”,- fikirləri ilə tamamlayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək deyib ki, tibbi forumun Naxçıvan Muxtar Respublikasında keçirilməsi uzun illər ərzində qurulan müasir səhiyyə infrastrukturu və tibb təhsilinin keçdiyi dinamik inkişaf yolunun uğurlu yekunu kimi yüksək əhəmiyyətə malikdir. Bu müddətdə Naxçıvan Dövlət Universitetində də təhsil və elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilib. Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə universitetin dünyanın ən yaxşı ali məktəbləri sırasında yer alması qürurverici nailiyyətdir. 25 tələbə ilə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində hazırda 1284 tələbə təhsil alır. Bildirilib ki, dünyanın 7 ölkəsindən 350-dən artıq elm adamının qatıldığı forumda 700-dən çox iştirakçı təmsil olunur. Azərbaycan Tibb Universitetinin və xaricdən gələn həkim-mütəxəssislərin iştirakı ilə xəstələrin konsultativ müayinə, əməliyyat və müalicələrinin keçirilməsi planlaşdırılıb.
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib ki, qalib xalqın nümayəndələri kimi ulu öndər Heydər Əliyevin Vətəni Naxçıvanda unikal tərkibə malik forumda iştirak etmək qürurvericidir. Bir əsrə yaxın yaşı olan Azərbaycan Tibb Universitetinin inkişafında, maddi-texniki bazanın qurulmasında, yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında ümummilli liderin rolu danılmazdır. Bu gün ulu öndərin siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Tibb Universitetində kafedra və bölmələrin müasir avadanlıqlarla təchiz edilməsi ali tibb təhsilinə ölkə Prezidentinin qayğısının bariz nümunəsidir. Hazırda Azərbaycan Tibb Universiteti bölgəmizin qabaqcıl tədris müəssisələrindən biridir. Universitetimiz dünyanın 20 ölkəsindən 80-ə yaxın  elm və təhsil qurumları ilə hərtərəfli əməkdaşlıq edir. Həmçinin Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb. Rektor bildirmişdir ki, forum iştirakçıları və mövzuların müxtəlifliyi təbabətin aktual problemlərinin həlli yolunda yüksək səviyyədə müzakirələrin aparılmasına imkan yaradacaqdır.
Moskva Dövlət Tibb Univer­si­tetinin Bakı filialının rektoru Əziz Əliyev çıxış edərək deyib ki, səhiyyə sistemində islahatlar ölkəmizin stabil və sosial infrastrukturunun inkişafının qlobal strateji proqramının tərkib hissəsidir. Bu tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən başladılıb, Onun təşəbbüsü ilə Azərbaycanın bütün bölgələrində tibb müəssisələri, xəstəxanalar tikilib istifadəyə verilib. Ulu öndər milli tibbi kadrların hazırlanmasına da böyük önəm verirdi. Onun təşəbbüsü ilə həkimlərin Avropada, Amerikada, Rusiyada, Türkiyədə hazırlanması üzrə dövlət proqramı işlənib hazırlanıb. Bu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev də uğurla davam etdirir. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu müasir əsaslarla təmir edilib. Milli Onkologiya Mərkəzi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi yenidən qurulub, yeni korpuslar tikilib və ən müasir avadanlıqlarla təchiz edilib. Azərbaycanda tibbi təhsilin təkmilləşdirilməsi üçün dünyanın nüfuzlu təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsi məqsədilə 2015-ci ildə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılıb. Universitetdə professor və müəllimlər tərəfindən tədris iki istiqamətdə - Müalicə işi ixtisası və Əczaçılıq sənayesi üzrə aparılır. Bu forum bizim həkimlərimiz üçün də mühüm rol oynayacaqdır. Onlara müasir müalicə protokolları ilə tanış olmağa və həmkarları ilə təcrübə mübadiləsi aparmağa imkan verəcəkdir.
Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyinin fəxri sədri Cavid Avcı təmsil etdiyi dərnəyin fəaliyyəti barədə danışıb, beynəlxalq səviyyədə həyata keçirdikləri layihələrdən bəhs edib. Qeyd olunub ki, Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyi 20 ildən artıqdır, Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq edir. Forumdan sonra yeni bir əməkdaşlıq istiqamətlərinin açılacağını bildirən Cavid Avcı Naxçıvan Dövlət Universiteti ilə qurulacaq əlaqələrin qürurverici olduğunu diqqətə çatdırıb.
Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Assosiasiyası İctimai Birliyinin sədri Müşviq Həsənov forumun keçirilməsində məqsədin Azərbaycanın tibb alimləri, həkim-mütəxəssisləri ilə Türkiyə, Özbəkistan, Qazaxıstan, İran və Almaniyadan olan elm adamları arasında fikir mübadiləsinə şərait yaratmaq və birgə müzakirələr aparmaqdan ibarət olduğunu bildirib. Qeyd olunub ki, bugünkü forumda gələcəkdə həkim olmaq arzusunda olan şagird və tələbələr də iştirak edir ki, bu da kadr hazırlığına mühüm töhfədir.
Yeditəpə Universitetinin rektoru Canan Aykut Bingöl deyib ki, Naxçıvanda olmaq və tibbi forumda iştirak etmək bizim üçün çox əhəmiyyətlidir. Tibb ictimaiyyəti pandemiya dövründə  elmi araşdırmaların, məlumat mübadiləsinin, təhsilin və texniki inkişafın vacibliyinin şahidi oldu. Forum da beynəlxalq səviyyədə çox faydalı müzakirələrin və elm mübadiləsinin aparılmasına vəsilə olacaqdır. Bu baxımdan Yeditəpə Universiteti bütün istiqamətlərdə əməkdaşlığa hazırdır.
Qaradəniz Texniki Universitetinin rektoru Hamdullah Çuvalcı deyib ki, Qaradəniz Texniki Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasındakı əməkdaşlıq, bugünkü forumda iştirak gələcəkdə birgə layihələrin icrası üçün geniş imkanlar açır. Tibbin inkişafında əsas məsələlərdən biri də avadanlıq təminatıdır. Tibbi avadanlıqların istehsalı, bu sahədə yerli mütəxəssis hazırlığı qarşıda duran əsas vəzifələrdəndir. Rektor təmsil etdiyi universitetin tibbi avadanlıqların istehsalı ilə bağlı həyata keçirəcəyi layihələrdən danışmış, forumun bu baxımdan əhəmiyyətini vurğulayıb.
Çıxış edənlər forumun keçirilməsinə göstərilən dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə iştirakçılar adından minnətdarlıq ediblər.
Sonra Naxçıvanın tanıtım videoçarxı nümayiş olunub.
Forum bədii hissə ilə davam edib, Azərbaycan Respublikasının Xalq artistləri Mənsum İbrahimov və Samir Cəfərov, Azərbaycan Respublikasının Əməkdar artisti Nuriyyə Hüseynova və Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin ifasında konsert proqramı təqdim edilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg