
Mayın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2022-2023-cü tədris ili üzrə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyə ilk dəfə olaraq qəbul imtahanı keçirilib. İmtahanda iştirak etmək üçün mart ayının 4-dən aprelin 25-dək aparılmış sənəd qəbulunda ümumtəhsil məktəblərinin VII-VIII siniflərini bitirən 383 qız, 261 oğlan olmaqla ümumilikdə 644 şagird qeydiyyatdan keçib.
5 nömrəli tam orta məktəbdə keçirilən imtahan saat 1000 –da başlayıb. İmtahanda şagirdlərə Azərbaycan dili fənni üzrə 15, riyaziyyat fənni üzrə 15, fizika fənni üzrə 10, ingilis dili fənni üzrə 10, kimya fənni üzrə 20, biologiya fənni üzrə 20, coğrafiya fənni üzrə 5, tarix fənni üzrə 5 sual olmaqla, ümumilikdə 8 fəndən 100 sual təqdim olunub. Sualların cavablandırılıması üçün şagirdlərə 3 saat vaxt ayrılıb.
Qeyd edək ki, muxtar respublika üzrə hər sinifdən 30 qız, 30 oğlan olmaqla, qəbul imtahanında ən yüksək nəticə göstərən 120 şagird liseyə qəbul olunacaqdır.
Müasir tədris vasitələri ilə təmin olunacaq liseydə şagirdlər təhsil dövründə dövlət hesabına 3 dəfə yeməklə və yataqxana ilə də təmin olunacaq. Liseydə təhsil ümumi orta (8-9), tam orta (10-11) olmaqla iki pillədə həyata keçiriləcək. Tədris prosesi isə muxtar respublika ümumtəhsil məktəblərinin ən təcrübəli, eyni zamanda sertifikasiya nəticəsi ən yüksək olan müəllimlər tərəfindən aparılacaq.